2
(Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
3
Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir kitabdır.
4
(Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur’andan) üz döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
5
(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi də’vət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)”
6
(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
7
O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!
8
İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi gözləyir!”
9
(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!
10
O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).
11
Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.
12
Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”
13
(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!”
14
Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” – deyən peyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz (bizim ancaq Ona iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!” – deyə cavab vermişdilər.
15
Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.
16
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.
17
Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.
18
İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.
19
Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
20
Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
21
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şəhadət verirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!”
22
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz.
23
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!
24
İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz).
25
Biz onlara (Məkkə müşriklərinə) önlərindəkini və arxalarındakını (dünyanın zövq-səfasına uyub axirətə inanmamalarını) özlərinə gözəl göstərən (şeytansifət) dostlar caladıq. Özlərindən əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan (kafir) ümmətlərlə birlikdə o söz (əzab hökmü) onlar barəsində də gerçəkləşdi. Şübhəsiz ki, onlar ziyan çəkənlər oldular!
26
Kafir olanlar (öz dostlarına): “Bu Qur’anı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy (şuluqluq) salın ki, bəlkə, (bununla Muhəmmədə) qalib gələsiniz!” – dedilər.
27
Biz kafir olanlara mütləq şiddətli bir əzab daddıracaq, etdikləri əməllərin ən şiddətli cəzasını verəcəyik!
28
Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!
29
Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”
30
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə və’d olunan Cənnətlə sevinin!
Sonraki 24 ayet →