1
Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!
2
(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)
3
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!
4
Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!
5
(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!
6
Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)
7
Əgər küfr etsəniz (Allahın ne’mətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın ne’mətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
8
İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir ne’mət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
9
Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
10
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”
11
De: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!
12
Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!”
13
De: “Əgər Rəbbimə asi olsam.., doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!”
14
De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) tapınıram!
15
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”
16
Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!
17
Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!
18
O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!
19
(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!
20
Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və’didir. Allah və’də xilaf çıxmaz!
21
(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!
22
Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?! Elə isə vay qəlbləri Allahın zikrinə (Qur’ana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar.
23
Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur’an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!
24
Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyilər.
25
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.
26
Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!
27
Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!
28
Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.
29
Allah (müşriklərlə müvəhhid mö’minlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tə’rif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!
30
(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
Sonraki 30 ayet →