Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Ahzab 1 / 73
1
Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
V.Mammadaliyev 33:1
2
Rəbbindən sənə vəhy olunana (Qur’ana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!
V.Mammadaliyev 33:2
3
Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!
V.Mammadaliyev 33:3
4
Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mə’nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!
V.Mammadaliyev 33:4
5
Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
V.Mammadaliyev 33:5
6
Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. (Mö’minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö’minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında mö’minlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan mö’minlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi).
V.Mammadaliyev 33:6
7
(Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq ki,
V.Mammadaliyev 33:7
8
(Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
V.Mammadaliyev 33:8
9
Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.
V.Mammadaliyev 33:9
10
O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
V.Mammadaliyev 33:10
11
Məhz onda (Xəndək vuruşunda) mö’minlər imtahana çəkilmiş (kimin həqiqi mö’min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.
V.Mammadaliyev 33:11
12
O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. (Biz zəfər çala bilməyəcəyik)” – deyirdilər.
V.Mammadaliyev 33:12
13
O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
V.Mammadaliyev 33:13
14
Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.
V.Mammadaliyev 33:14
15
Halbuki bundan əvvəl (Ühüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!
V.Mammadaliyev 33:15
16
(Ya Peyğəmbər! Bu münafiqlərə) de: “Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!)
V.Mammadaliyev 33:16
17
De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.
V.Mammadaliyev 33:17
18
Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)” – deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,
V.Mammadaliyev 33:18
19
(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (mö’minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır!
V.Mammadaliyev 33:19
20
(Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, (gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö’minlər zəfər çalıbsa, qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.
V.Mammadaliyev 33:20
21
Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!
V.Mammadaliyev 33:21
22
Mö’minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan (zəfər) və’didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö’minlərə kafirlər üzərində qalib olmağı və’d etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.
V.Mammadaliyev 33:22
23
Mö’minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki,
V.Mammadaliyev 33:23
24
Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
V.Mammadaliyev 33:24
25
Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah mö’minlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
V.Mammadaliyev 33:25
26
Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.
V.Mammadaliyev 33:26
27
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!
V.Mammadaliyev 33:27
28
Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!
V.Mammadaliyev 33:28
29
Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər əleyhissəlamın xanımları dünya ne’mətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular).
V.Mammadaliyev 33:29
30
Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!
V.Mammadaliyev 33:30