2
Bu, (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir!
3
Biz inanan bir tayfa üçün sənə Musanın və Fir’onun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik.
4
Həqiqətən, Fir’on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
5
Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun mülkünə) varislər edək.
6
Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Fir’ona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.
7
Biz Musanın anasına (ilham yolu ilə, yaxud rö’yada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik.
8
(Musa doğulduqdan sonra anası bir müddət onu əmizdirdi, sonra mamaçanın onun oğlu olduğunu Fir’ona xəbər verəcəyindən qorxaraq körpəsini bir sandığa qoyub Allaha dua edərək Nil çayına atdı. Bu zaman Fir’on zövcəsi ilə oturub Nilə tamaşa edirdi. Suyun üzündə bir sandığın üzdüyünü görən Fir’on xidmətçilərə onu tutub gətirməyi əmr etdi). Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən, Fir’on, Haman və onların əsgərləri (küfr etdiklərinə, mə’sum uşaqları öldürdüklərinə görə) günahkar idilər.
9
Fir’onun qadını (Asiyə) dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər.
10
(Oğlunun Fir’onun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın və’dinə) inananlardan olsun deyə, ürəyinə səbir (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq mənimdir!” – deyəcəkdi).
11
O, (Musanın Məryəm, yaxud Gülsüm adlı) bacısına: “Onun dalınca get! (Əhvalatdan xəbər tut!)” – dedi. O da (saraya yol tapıb Fir’onun adamları onun kim olduğunu) hiss etmədən uzaqdan-uzağa (Musanı) gördü.
12
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Fir’on əhlinə) belə dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) tə’min edəcək, həm də ona qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan verimmi?”
13
Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın və’dinin haqq olduğunu bilsin deyə, (Musanı) anasına qaytardıq. Lakin onların (insanların, yaxud Fir’on əhlinin) əksəriyyəti (Allahın və’dinin doğru olduğunu) bilməz!
14
(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
15
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!”
16
(Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!
17
(Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin ne’mət haqqı (günahımı bağışlamağına and içirəm ki) mən əsla günahkarlara arxa olamayacağam!”
18
Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. (Bir də nə görsə yaxşıdır!) Dünən ondan imdad diləyən kəs (bu gün də başqa bir qibti ilə vuruşaraq) fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən (gündə biri ilə vuruşduğun üçün), doğrudan da, açıq-aşkar bir azğınsan!”
19
(Musa) onların hər ikisinin (həm özünün, həm də onu köməyə səsləyən yəhudinin) düşməni (olan bu ikinci qibtini) yaxalamaq istədikdə (həmin yəhudi Musanın ona hücum etmək istədiyini zənn edərək) dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!”
20
(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Fir’ona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fir’onun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Ə’yan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”
21
(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi.
22
O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!”
23
(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.
24
(Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).
25
Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fir’onla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”
26
(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, e’tibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”
27
(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”
28
(Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!”
29
Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız!”
30
(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!
Sonraki 30 ayet →