1
Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!
2
Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir).
3
Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir.
4
İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.
5
Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!
6
Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir.
7
Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!” (deməlidir).
8
Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.
9
Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lə’nət (qəzəb) eləsin!” (deməlidir).
10
Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib onları rüsvay edərdi).
11
Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!
12
Məgər o yalan sözü eşitdiyiniz zaman mö’min kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?
13
(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
14
Əgər Allahın dünyada və axirətdə sizə ne’məti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
15
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
16
Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?
17
Allah sizə öyüd-nəsihət verir ki, əgər mö’minsinizsə, bir daha belə şeylər etməyəsiniz.
18
Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
19
Mö’minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
20
Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi).
21
Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!
22
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!
23
Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham edənlər dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.
24
Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25
O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi və’din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
26
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!
27
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz).
28
Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” – deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!
29
İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi) qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da, gizlində də nə etdiyinizi) bilir!
30
(Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
Sonraki 30 ayet →