1
Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!
2
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
3
Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.
4
(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
5
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
6
Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!
7
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!
8
İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.
9
O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!
10
(O zaman ona belə deyiləcək:) “Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”
11
İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!
12
O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!
13
Özü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!
14
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.
15
Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir).
16
Biz (Qur’anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər.
17
Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)
18
(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (mö’minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!
19
Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.
20
O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir.
21
Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
22
(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər).
23
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!
24
Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.
25
Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!
26
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”
27
İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.
28
Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!
29
Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf etsinlər!
30
(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin -
Sonraki 30 ayet →