2
(Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
3
(Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4
Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
5
Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
6
O həm mənə, həm də Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”
7
(Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”
8
(Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?”
9
(Allah Cəbrailin dili ilə buyurdu:)” Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!”
10
(Zəkəriyya) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”
11
(Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə’bəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şə’ninə tə’riflər deyin! (Və ya namaz qılın!)”
12
(Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
13
Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
14
(Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi.
15
Ona doğulduğu gün də, öləcəyi gün də (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)
16
(Ya Rəsulum!) Kitabda (Qur’anda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi.
17
Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü.
18
(Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!”
19
(Cəbrail:) “Mən sənə ancaq təmiz (mə’sum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” – dedi.
20
(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”
21
(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir mö’cüzə, (sənə və mö’minlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”
22
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.
23
Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”
24
Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).
25
(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!
26
(Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”
27
(Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!)
28
Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”
29
(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” – dedilər.
30
(Allahdan bir mö’cüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.
Sonraki 30 ayet →