Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Kehf 1 / 110
1
Həmd olsun O Allaha ki, Kitabı (Qur’anı mə’nasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!
V.Mammadaliyev 18:1
2
(Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən mö’minlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi.
V.Mammadaliyev 18:2
3
Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!
V.Mammadaliyev 18:3
4
O, həm də (Qur’anı): “Allah Özünə övlad götürdü!” – deyənləri qorxutmaq üçün nazil etdi.
V.Mammadaliyev 18:4
5
Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!
V.Mammadaliyev 18:5
6
(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qur’ana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
V.Mammadaliyev 18:6
7
Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.
V.Mammadaliyev 18:7
8
(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına e’tibar yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan hər şey məhv olacaqdır).
V.Mammadaliyev 18:8
9
(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin və Rəqimin (mağara və Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir).
V.Mammadaliyev 18:9
10
(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” – demişdilər.
V.Mammadaliyev 18:10
11
Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik.
V.Mammadaliyev 18:11
12
Sonra iki tayfadan (mö’minlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.
V.Mammadaliyev 18:12
13
(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq.
V.Mammadaliyev 18:13
14
Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.
V.Mammadaliyev 18:14
15
Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?!
V.Mammadaliyev 18:15
16
(Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi:) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.
V.Mammadaliyev 18:16
17
(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın mö’cüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!
V.Mammadaliyev 18:17
18
(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
V.Mammadaliyev 18:18
19
(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bə’ziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin!
V.Mammadaliyev 18:19
20
Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!”
V.Mammadaliyev 18:20
21
(İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) və’dinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı mö’minlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər.
V.Mammadaliyev 18:21
22
(Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” - deyəcəklər. Bə’ziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Digərləri (mö’minlər) isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – söyləyəcəklər. (Ya Rəsulum!) De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!” (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Qur’anda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!
V.Mammadaliyev 18:22
23
Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə!
V.Mammadaliyev 18:23
24
Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbinin yada salıb: “Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir mö’cüzə vesin!)” – de.
V.Mammadaliyev 18:24
25
Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il də artırdılar).
V.Mammadaliyev 18:25
26
(Ya Rəsulum!) De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların (yer və göy əhlinin) Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi öz hökmünə (səltənətinə) şərik etməz!” (Çünki Allahın heç bir şərikə ehtiyacı yoxdur!)
V.Mammadaliyev 18:26
27
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)
V.Mammadaliyev 18:27
28
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö’minlərdən) çevirmə. Qəlbini Bizi (Qur’anı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!
V.Mammadaliyev 18:28
29
Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!
V.Mammadaliyev 18:29
30
İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!
V.Mammadaliyev 18:30