Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
İsra 1 / 111
1
Bə’zi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!
V.Mammadaliyev 17:1
2
Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” – deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər tə’yin etdik.
V.Mammadaliyev 17:2
3
Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın ne’mətlərinə) çox şükür edən bir bəndə idi!
V.Mammadaliyev 17:3
4
Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə bildirdik.
V.Mammadaliyev 17:4
5
Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi tə’qib edirdilər). Bu və’d artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular).
V.Mammadaliyev 17:5
6
(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.
V.Mammadaliyev 17:6
7
Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində sizi qətl edib, mə’bədinizi dağıdıb, yurdunuzu viran qoydular).
V.Mammadaliyev 17:7
8
(Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
V.Mammadaliyev 17:8
9
Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!
V.Mammadaliyev 17:9
10
Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!
V.Mammadaliyev 17:10
11
İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).
V.Mammadaliyev 17:11
12
Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qur’anda) müfəssəl izah etdik.
V.Mammadaliyev 17:12
13
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq.
V.Mammadaliyev 17:13
14
(Və ona belə deyərik:) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!”
V.Mammadaliyev 17:14
15
Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
V.Mammadaliyev 17:15
16
Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-ne’mət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.
V.Mammadaliyev 17:16
17
Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!) Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər.
V.Mammadaliyev 17:17
18
Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış, (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
V.Mammadaliyev 17:18
19
Mö’min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.
V.Mammadaliyev 17:19
20
Onların və bunların hər birinə Rəbbinin ne’mətindən verərik. Rəbbinin ne’məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
V.Mammadaliyev 17:20
21
(Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!
V.Mammadaliyev 17:21
22
Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!
V.Mammadaliyev 17:22
23
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
V.Mammadaliyev 17:23
24
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.
V.Mammadaliyev 17:24
25
Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!
V.Mammadaliyev 17:25
26
Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
V.Mammadaliyev 17:26
27
Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!
V.Mammadaliyev 17:27
28
Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara (“Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!” kimi) xoş bir söz de!
V.Mammadaliyev 17:28
29
Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!
V.Mammadaliyev 17:29
30
Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!
V.Mammadaliyev 17:30