1
Göy parçalanacağı zaman,
2
ulduzlar səpələnəcəyi zaman,
3
dənizlər daşıb bir-birinə qarışacağı zaman,
4
qəbirlər çevriləcəyi zaman,
5
hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
6
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
7
O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
8
Səni istədiyi şəklə saldı.
9
Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!
10
Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
11
çox möhtərəm, əməllərinizi yazanlar.
12
Onlar sizin nə etdiklərinizi bilirlər.
13
Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
14
Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
15
Onlar ora Haqq-hesab günü girəcəklər.
16
Onlar əsla ondan yayına bilməyəcəklər.
17
Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
18
Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
19
O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!