2
Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.
3
Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.
4
Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi.
5
Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.
6
Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq.
7
Onlara etdikləri əməlləri barədə Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik.
8
O gün əməllərin tərəzidə çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – məhz onlar nicat tapanlardır.
9
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.
10
Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
11
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12
Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
13
Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.
14
İblis dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
15
Allah dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.
16
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.
17
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
18
Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.
19
Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özlərinə zülm edənlərdən olarsınız”.
20
Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”.
21
Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi.
22
Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
23
Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
24
Allah dedi: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün istifadə edəcəyiniz şeylər vardır”.
25
Allah dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”.
26
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız.
27
Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.
28
Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
29
De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
30
Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.
Sonraki 30 ayet →