1
And olsun toz-torpağı ətrafa səpələyənlərə!
2
And olsun yağmur yükü daşıyanlara!
3
And olsun asanlıqla üzüb gedənlərə!
4
And olsun işləri paylaşdıranlara!
5
Sizə vəd olunanlar həqiqətdir.
6
Haqq-hesab da mütləq çəkiləcəkdir.
7
And olsun gözəl görünüşü olan səmaya!
8
Sizin sözləriniz ziddiyyətlidir.
9
Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
10
Məhv olsun yalançılar!
11
O kəslər ki, cəhalət içində olan qafillərdir.
12
Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
13
O gün onlara odda əzab veriləcəkdir.
14
Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15
Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
16
öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
17
Onlar gecələr ibadət edib az yatırdılar.
18
Sübh çağı isə bağışlanma diləyirdilər.
19
Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
20
Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
21
Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
22
Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
23
Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
24
İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
25
Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
26
O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
27
Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
28
O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
29
Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
Sonraki 30 ayet →