2
Bu aydın Kitaba and olsun!
3
Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.
4
Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.
5
Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?
6
Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik.
7
Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
8
Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.
9
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!”– deyəcəklər.
10
O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz.
11
Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız.
12
O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
13
onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı.
14
Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”.
15
Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur.
16
Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?
17
Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar.
18
Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarınımı Allaha isnad edirlər?
19
Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar.
20
Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.
21
Bəlkə onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?
22
Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– deyirlər.
23
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər.
24
Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.
25
Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu.
26
Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.
27
Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
28
O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
29
Doğrusu, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
30
Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər.
Sonraki 30 ayet →