Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Şura 1 / 53
1
Ha. Mim.
A.Musayev 42:1
2
Ayn. Sin. Qaf.
A.Musayev 42:2
3
Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.
A.Musayev 42:3
4
Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur.
A.Musayev 42:4
5
Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
A.Musayev 42:5
6
Allahdan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən.
A.Musayev 42:6
7
Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. İnsanların bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır.
A.Musayev 42:7
8
Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, Öz mərhəmətinə istədiyini qovuşdurur. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı.
A.Musayev 42:8
9
Onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. Hərçənd ki, Himayədar ancaq Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.
A.Musayev 42:9
10
İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
A.Musayev 42:10
11
Allah göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.
A.Musayev 42:11
12
Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. O, hər şeyi Biləndir.
A.Musayev 42:12
13
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər.
A.Musayev 42:13
14
Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
A.Musayev 42:14
15
Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”.
A.Musayev 42:15
16
Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dünyada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir.
A.Musayev 42:16
17
Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat yaxındır.
A.Musayev 42:17
18
Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, o Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
A.Musayev 42:18
19
Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.
A.Musayev 42:19
20
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.
A.Musayev 42:20
21
Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.
A.Musayev 42:21
22
Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur.
A.Musayev 42:22
23
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
A.Musayev 42:23
24
Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu”– deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.
A.Musayev 42:24
25
Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.
A.Musayev 42:25
26
O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır.
A.Musayev 42:26
27
Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.
A.Musayev 42:27
28
İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini hər yana yayan Odur. O, Himayəçidir, Tərifəlayiqdir.
A.Musayev 42:28
29
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir.
A.Musayev 42:29
30
Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.
A.Musayev 42:30