2
Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş,
3
ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır.
4
O, həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu üz çevirib söz eşitməzlər.
5
Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”
6
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
7
O kəslərin ki, zəkat vermir və axirəti inkar edirlər.
8
İman gətirib yaxşı əməl işləyənləri tükənməz nemətlər gözləyir”.
9
De: “Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.
10
O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.
11
Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.
12
O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür.
13
Əgər üz döndərsələr, de: “Mən sizi də Ad və Səmudu saran ildırıma bənzər bir ildırımın sarsıda biləcəyindən xəbərdar edirəm”.
14
Onlara önlərindən və arxalarından: “Yalnız Allaha ibadət edin!”– deyə əmr edən elçilər gəlmişdi. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!”– demişdilər.
15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.
16
Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz.
17
Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı.
18
İman gətirib Allahdan qorxanları isə xilas etdik.
19
Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar.
20
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
21
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”.
22
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir.
23
Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.
24
Əzaba dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.
25
Biz onlara fasiq yoldaşlar qoşduq və bu dostlar onlara öndəkilərini və arxadakılarını gözəl göstərdilər (dünyanı sevdirib, axirəti unutdurdular). Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki Söz onlar barəsində də gerçək oldu. Həqiqətən də, onlar ziyana uğradılar.
26
Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər.
27
Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
28
Budur Allahın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir.
29
Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək”.
30
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Sonraki 24 ayet →