2
Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
3
Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır.
4
Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
5
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!
6
Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi.
7
Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!
8
Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.
9
Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
10
Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.
11
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. Oddan çıxmağa bir yol varmı?”
12
Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır”.
13
Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar!
14
Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin!
15
Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları Görüş günü ilə qorxutsun.
16
O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”
17
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
18
Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
19
Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir.
20
Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
21
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə əzabla yaxaladı və onları Allahdan qoruyan olmadı.
22
Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.
23
Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik –
24
Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər.
25
Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar.
26
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
27
Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”
28
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
29
Ey xalqım! Bu gün yer üzündə hakim şəxslər kimi hökmranlıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.
30
Mömin kişi dedi: “Ey xalqım! Mən sizə, əlbir dəstələrin başına gəlmiş dəhşətli günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.
Sonraki 30 ayet →