1
Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
2
Kafirlər təkəbbür və nifaq içindədirlər.
3
Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
4
Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!
5
O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.
6
Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.
7
Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
8
Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
9
Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?
10
Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.
11
Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.
12
Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.
13
Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.
14
Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
15
Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.
16
Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.
17
Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.
18
Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.
19
Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.
20
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
21
Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.
22
Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
23
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
24
Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
25
Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
26
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
27
Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
28
Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?
29
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
30
Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.
Sonraki 30 ayet →