Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Sebe 1 / 54
1
Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.
A.Musayev 34:1
2
O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.
A.Musayev 34:2
3
Kafirlər: “O Saat bizə gəlməyəcəkdir!”– dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”.
A.Musayev 34:3
4
Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.
A.Musayev 34:4
5
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir.
A.Musayev 34:5
6
Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər.
A.Musayev 34:6
7
Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?
A.Musayev 34:7
8
Əcəba, o, Allahın əleyhinə yalanmı quraşdırır, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.
A.Musayev 34:8
9
Məgər onlar göydə və yerdə qarşılarına və arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar və yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib Allaha qayıdan hər bir qul üçün ibrət vardır.
A.Musayev 34:9
10
Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.
A.Musayev 34:10
11
Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
A.Musayev 34:11
12
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, Süleymana itaət etməyib əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik.
A.Musayev 34:12
13
Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır.
A.Musayev 34:13
14
Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.
A.Musayev 34:14
15
Səba qəbiləsinin yaşadığı yerdə nişanə – biri sağda, digəri də solda olan iki bağça var idi. Onlara: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışlayan Rəbb!”– deyilmişdi
A.Musayev 34:15
16
Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.
A.Musayev 34:16
17
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?
A.Musayev 34:17
18
Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– demişdik.
A.Musayev 34:18
19
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə dayanacağımız şəhərlər arasındakı məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də darmadağın etdik. Həqiqətən, səbirli olan və şükür edən hər kəs bundan ibrət alar.
A.Musayev 34:19
20
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.
A.Musayev 34:20
21
Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.
A.Musayev 34:21
22
De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.
A.Musayev 34:22
23
Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.
A.Musayev 34:23
24
De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.
A.Musayev 34:24
25
De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik”.
A.Musayev 34:25
26
De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir”.
A.Musayev 34:26
27
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli, Müdrik Allahdır!”
A.Musayev 34:27
28
Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.
A.Musayev 34:28
29
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər.
A.Musayev 34:29
30
De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”.
A.Musayev 34:30