2
Bunlar aydın Kitabın ayələridir.
3
Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4
Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
5
Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6
Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
7
Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?
8
Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
9
Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
10
Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11
Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12
Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13
belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.
14
Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15
Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.
16
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17
İsrail oğullarını bizimlə birgə burax!”
18
Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19
Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
20
Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
21
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
22
Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.
23
Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24
Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25
Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
26
Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27
Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28
Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29
Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
30
Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
Sonraki 30 ayet →