1
Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.
2
Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.
3
Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.
4
İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.
5
Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
6
Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması,
7
beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”– deməsidir.
8
Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər.
9
Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”– deməlidir.
10
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər.
11
Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.
12
Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?
13
Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.
14
Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
15
O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
16
Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz?
17
Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.
18
Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
19
Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.
20
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi.
21
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.
22
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
23
Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –
24
o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25
O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər.
26
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.
27
Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.
28
Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə oraya girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.
29
İstifadə edə biləcəyiniz və yaşayış üçün olmayan evlərə iznsiz daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
30
Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Sonraki 30 ayet →