1
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər.
2
Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –
3
qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”
4
Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”
5
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”.
6
Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər?
7
Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.
8
Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər.
9
Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.
10
Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?
11
Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq.
12
Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar.
13
“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”.
14
Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– deyirdilər.
15
Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.
16
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.
17
Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik.
18
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!
19
Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar.
20
Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.
21
Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?
22
Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!
23
Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar.
24
Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər.
25
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.
26
Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır.
27
Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər.
28
Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.
29
Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.
30
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?
Sonraki 30 ayet →