1
Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.
2
Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını özünüzə himayədar götürməyin!”– deyə onu (o Kitabı) doğru yol göstəricisi etdik.
3
Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli! Nuh doğrudan da, Bizə minnətdar olan bir qul idi.
4
Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”– deyə xəbər verdik.
5
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
6
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.
7
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik.
8
Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.
9
Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.
10
Axirətə iman gətirməyənlər üçün isə ağrılı-acılı bir əzab hazırlamışıq.
11
İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.
12
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.
13
Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.
14
Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.
15
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.
16
Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik.
17
Biz Nuhdan sonra neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin, qullarının günahlarını bilməsi və görməsi kifayətdir.
18
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.
19
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
20
Biz hamıya – onlara da, bunlara da Rəbbinin nemətindən veririk. Rəbbinin neməti heç kəsə qadağan deyildir.
21
Bax gör dünyada onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.
22
Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan.
23
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
24
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
25
Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.
26
Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə.
27
Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.
28
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.
29
Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan.
30
Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür.
Sonraki 30 ayet →