Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Nahl 1 / 128
1
Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır.
A.Musayev 16:1
2
Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
A.Musayev 16:2
3
Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.
A.Musayev 16:3
4
Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi.
A.Musayev 16:4
5
Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.
A.Musayev 16:5
6
Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.
A.Musayev 16:6
7
Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
A.Musayev 16:7
8
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.
A.Musayev 16:8
9
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.
A.Musayev 16:9
10
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.
A.Musayev 16:10
11
Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
A.Musayev 16:11
12
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
A.Musayev 16:12
13
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
A.Musayev 16:13
14
O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
A.Musayev 16:14
15
O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı.
A.Musayev 16:15
16
Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.
A.Musayev 16:16
17
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
A.Musayev 16:17
18
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
A.Musayev 16:18
19
Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir.
A.Musayev 16:19
20
Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar.
A.Musayev 16:20
21
Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.
A.Musayev 16:21
22
Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər.
A.Musayev 16:22
23
Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir.
A.Musayev 16:23
24
Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər.
A.Musayev 16:24
25
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!
A.Musayev 16:25
26
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.
A.Musayev 16:26
27
Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!”
A.Musayev 16:27
28
Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
A.Musayev 16:28
29
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”
A.Musayev 16:29
30
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
A.Musayev 16:30